“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib.
QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə videobağlantı formatında keçirilən iclasda “AzerGold” QSC-nin hasilat və ixrac hədəfləri, inkişaf strategiyası, mənfəətliyinin artırılması, xarici ölkələrə genişlənmə siyasəti və digər mövzular ətrafında müzakirələr aparılıb.
Həmçinin iclasda Qarabağ və Şərqi Zəngəzurda əlvan metal filizi yataqları ilə bağlı geoloji tədqiqatların genişləndirilməsi, Orta Asiya və digər ölkələrdə birgə mədən layihələrin icrası ilə bağlı məsələlərdən danışılıb.
Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən daxili zərgərlik bazarının inkişafı, şəffaflaşdırılması istiqamətində tədbirlərə “AzerGold” QSC-nin verdiyi töhfələr qeyd edilib, bu istiqamətdə icrası nəzərdə tutulan əlavə tədbirlərdən söz açılıb. Eyni zamanda “AzerGold” QSC-nin yerli pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə və külçələrin satışı ilə bağlı yeni qiymət siyasəti, yeni növ qızıl məshulların müasir texnologiyalar əsasında istehsalı imkanları müzakirə olunub.
İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən cari il ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, yuxarıda qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.