Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib

14 avq 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu bildirib və Nazirlər Kabinetinə müvafiq işlərin görülməsi üçün tapşırıq verib. Prezident İlham Əliyev avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Avqustun 12-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının (AİH MŞ) tərkibi təsdiq edilib.


Avqustun 14-də AİH MŞ-nin sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi və Şura üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümovun, Natiq Əmirovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib. Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub. İqtisadiyyat naziri Mikayıl Cabbarov AİH-nin təşkilati məsələləri və funksional fəaliyyət istiqamətləri barədə çıxış edib. Müşahidə Şurasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı tapşırıqlar verib.