AİH-də İƏİT və Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
12 oktyabr 2023-cü il tarixində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) təşəbbüsü əsasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən və Dünya Bankı tərəfindən qismən maliyyələşdirilən “AİH-in və onun portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin qiymətləndirilməsi” layihəsi çərçivəsində İƏİT və Dünya Bankının ölkəmizdə işgüzar səfərdə olan nümayəndələri ilə AİH-də silsilə görüşlər keçirilib.
Görüşdə AİH-in rəhbərliyi ilə yanaşı idarəetməsində olan bir sıra iri dövlət müəssisələrinin (portfel şirkətləri) rəhbər şəxsləri də iştirak edib. Görüşlər zamanı portfel şirkətlərində son illərdə AİH tərəfindən tətbiq olunmağa başlanmış korporativ idarəetmə standartları, şirkətlərin fəaliyyət göstərdiyi sahələrin xarakteristikaları, müəssisələrdə investisiyaların idarə edilməsi və portfel şirkətlərinin daxili nəzarət sistemləri kimi mövzularda fikir mübadiləsi aparılıb.
İƏİT və Dünya Bankının nümayəndələri 11-12 oktyabr tarixlərində bu layihə çərçivəsində bir sıra dövlət qurumlarında rəhbər şəxslərlə görüşlər keçirib və korporativ idarəetmənin dövlət müəssisələrində tətbiqi istiqamətində indiyə qədər görülmüş və bundan sonra görülə biləcək tədbirlər haqqında müzakirələr aparıblar.