AİH və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında 25 avqust tarixində Anlaşma Memorandumu imzalanıb
Azərbaycan İnvestisiya Holdinqi (AİH) və İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında tərəflərin mandatlarına uyğun olaraq maliyyə və investisiya üzrə bəzi sahələrdə qarşlıqlı əməkdaşlıq edəcəkləri Anlaşma Memorandumu imzalanıb.
Sənədi AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov və ICD-nin Baş direktoru Ayman Amin Sejini imzalayıb.
Memorandumuna əsasən, tərəflər AİH-in idarəetməsində olan dövlət şirkətlərinə sukuk (şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi - istiqrazların islami ekvivalenti) emissiyasına dəstək verilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
ICD-nin Baş direktoru Ayman Amin Sejini bildirib ki, Azərbaycan ICD üçün mühüm, strateji üzv ölkədir və bu Anlaşma Memorandumu vasitəsilə təşkilat Azərbaycandakı fəaliyyətini daha da artıracağına ümid edir.“Sənəd ölkədə kapital bazarının inkişafını əhəmiyyətli dərəcədə sürətləndirəcək və özəl sektorun güclü inkişafı nəticəsində iqtisadi inkişafı asanlaşdıracaq. Beləliklə, bu tərəfdaşlıq ICD-nin uzunmüddətli məqsədlərinə tamamilə şəkildə uyğun gəlir və bu mühüm məqsədə çatmaq üçün AİH ilə birgə işləməkdən məmnunuq”,- deyə A.A.Sejini əlavə edib.
AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov isə bildirib ki, imzalanan sənəd müxtəlif sahələrdə yüksək əməkdaşlıq edərək hər iki qurumun bir-birindən təcrübə öyrənməyinin başlanğıcı sayılır.“ICD ilə əməkdaşlıq bizə portfel şirkətlərinin cari və gələcək layihələrini maliyyələşdirmək perspektivini araşdırmağa, bununla da ölkənin iqtisadi artımına və davamlı inkişafını təmin etməyə imkan verəcək", - deyə R.Əlixanov qeyd edib.
Bundan əlavə, sənəddə qeyd olunub ki, hər iki qurum ICD üzv ölkələrində artım potensialını və geniş investisiya imkanlarını qəbul edir. Tərəflər AİH-in portfel şirkətlərini ICD-nin həyata keçirdiyi müxtəlif proqramlar və digər investisiya imkanları, hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən əməliyyatlar haqqında məlumatlandırmaq üçün birlikdə çalışmaq və yaxından işləmək niyyətindədirlər.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD)
Çoxməqsədli maliyyə institutu olan İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupunun üzvüdür. ICD 1999-cu ilin noyabr ayında üzv ölkələrin özəl sektor layihələrinə maliyyə vəsaiti təmin etmək, rəqabət və sahibkarlığı inkişaf etdirmək, hökumətlərə və özəl şirkətlərə məsləhət xidmətləri göstərməklə beynəlxalq investisiyaları stimullaşdırmaq və onların iqtisadi inkişafını dəstəkləmək məqsədilə yaradılıb. ICD Moody’s tərəfindən A2,S&P tərəfindən ‘A-’ və Fitch tərəfindən ‘A-’ reytinqi ilə dəyərləndirilib. ICD və Azərbaycan 1992-ci ildən bəri əməkdaşlıq edir.