AİH və FiberHome Telecommunication Technologies Co., Ltd şirkəti arasında görüş keçirilib

15 okt 2024
News image
News image

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında strateji tərəfdaşlığın qurulması haqqında 3 iyul 2024-cü il tarixində imzalanmış Birgə Bəyannamənin əməkdaşlıq istiqamətlərini rəhbər tutaraq Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə ÇXR-in Dövlətə məxsus aktivlərə nəzarət və onların idarə edilməsi üzrə qurumu (SASAC) və onun portfel şirkətləri arasında strateji əməkdaşlığa dair birgə səylər davam etdirilir.

Bu çərçivədə SASAC-ın nəzarətində olan FiberHome Telecommunication Technologies Co., Ltd (FiberHome) şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti hazırda Bakı şəhərində 3 günlük işgüzar səfərdədir. Səfərin ilk günündə 14 oktyabr 2024-cü il tarixində AİH və FiberHome şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüş çərçivəsində FiberHome şirkəti tərəfindən smart infrastruktur həllərinin təqdim edilməsi imkanları ilə bağlı təqdimat dinlənilib, AİH-in idarəetməsində olan dövlət müəssisələri və FiberHome şirkəti arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

FiberHome 1999-cu ildən fəaliyyət göstərən ÇXR-in nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, İP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirməkdədir.