AİH İtaliyanın “Valvitalia Group” şirkəti ilə sənaye əməkdaşlığı imkanlarını müzakirə edib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinin mühüm istiqamətlərindən biri beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qabaqcıl texnologiyaların və beynəlxalq sənaye təcrübəsinin ölkəyə cəlb edilməsi, eləcə də yerli istehsal potensialının artırılmasına və yüksək əlavə dəyərə malik rəqabətqabiliyyətli məhsulların istehsalına töhfə verə biləcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsidir.
Bu istiqamətdə fəaliyyətini davam etdirən AİH noyabrın 23-də Bakıda keçirilən Azərbaycan–İtaliya biznes-forumu çərçivəsində İtaliyanın aparıcı sənaye şirkətlərindən biri olan “Valvitalia Group”un nümayəndələri ilə müzakirələr aparıb.
Görüşdə AİH-in baş icraçı direktorunun müavini Əli Cəfərov, AİH-in idarəetməsinə verilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun və “Baku Steel Company” şirkətinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycan şirkətləri ilə “Valvitalia Group” arasında sənaye əməkdaşlığının genişləndirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı maraq doğuran istiqamətlərin müəyyənləşdirilməsi və birgə sənaye təşəbbüslərinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə istehsal sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə, xüsusilə enerji və sənaye avadanlıqlarının istehsalının Azərbaycanda lokallaşdırılması imkanlarına diqqət yetirilib.
Görüş iştirakçıları qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətlərinin daha ətraflı araşdırılması, mövcud imkanların dəyərləndirilməsi, potensial layihələrin müəyyənləşdirilməsi və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Bu kimi görüşlər Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin şaxələndirilməsi, sənaye və istehsal sahələrində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi, eləcə də yeni investisiya və əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

