Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığında yeni investisiya imkanları müzakirə olunub

23 noyabr 2026
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktorunun müavini, baş icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Dəyanət Sədullayev Azərbaycan–İtaliya biznes-forumu çərçivəsində keçirilən “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiyada çıxış edib.

Çıxış zamanı Dəyanət Sədullayev Azərbaycan və İtaliya arasında uzun illər ərzində qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşmış əlaqələrin əhəmiyyətini vurğulayıb. O, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, xüsusilə enerji sektorunda əməkdaşlığın mühüm nəticələr verdiyini qeyd edib.

Bununla yanaşı, beynəlxalq tərəfdaşlığın qurulması, xarici investisiyaların cəlb edilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsinin Holdinqin fəaliyyətinin mühüm istiqamətlərindən olduğu diqqətə çatdırılıb.

“Bizim üçün beynəlxalq əməkdaşlıq yalnız maliyyə resurslarının cəlb edilməsi ilə məhdudlaşmır. Hədəfimiz həm də qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi və rəqabətqabiliyyətli məhsulların istehsalına şərait yaradılmasıdır”, – deyə Dəyanət Sədullayev bildirib.

Çıxışda son dövrlərdə AİH tərəfindən İtaliyanın aparıcı maliyyə və sənaye qurumları ilə əməkdaşlığın inkişafı istiqamətində atılan konkret addımlar da diqqətə çatdırılıb. Bu çərçivədə Azərbaycanın sənaye sektorunda birgə layihələrin müəyyən edilməsi və maliyyələşdirilməsi imkanları, enerji və sənaye avadanlıqlarının istehsalının Azərbaycanda lokallaşdırılması, eləcə də daha yüksək əlavə dəyərə malik məhsulların istehsalının inkişafı məsələləri müzakirə olunub. Bununla yanaşı, alüminium sənayesində mövcud istehsal avadanlıqlarının təmiri və yeni istehsal xətlərinin quraşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dəyanət Sədullayev vurğulayıb ki, bu cür təşəbbüslər təkcə Azərbaycan bazarının ehtiyaclarının qarşılanması deyil, həm də Mərkəzi Asiya və digər regional bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. O, həmçinin qeyd edib ki, bu istiqamətlər üzrə əməkdaşlıq gələcəkdə konkret investisiya layihələrinin həyata keçirilməsinə, birgə istehsal müəssisələrinin yaradılmasına və qarşılıqlı faydalı uzunmüddətli tərəfdaşlığın formalaşmasına imkan verə bilər.

“Azərbaycan İnvestisiya Holdinqi olaraq biz İtaliya şirkətləri və institusional investorları ilə əməkdaşlığı daha da genişləndirməyə maraqlıyıq. Xüsusilə sənaye istehsalı, enerji, logistika, texnologiya və digər perspektivli sahələrdə birgə investisiya imkanlarının araşdırılmasını vacib hesab edirik”, – deyə Dəyanət Sədullayev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi potensialı ilə İtaliyanın sənaye və texnoloji imkanlarının birləşdirilməsi hər iki ölkə üçün yeni inkişaf perspektivləri aça bilər. Bu baxımdan əsas məqsəd mövcud dialoqu konkret layihələrə çevirmək, qarşılıqlı investisiyaları artırmaq və ölkələr arasında iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verməkdir.