“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.
İclasda Cəmiyyətin 2020-ci il üzrə audit edilmiş maliyyə hesabatı və daxili audit xidmətinin yaradılması məsələsi müzakirə olunub, qurumun Müşahidə Şurasının Audit Komitəsinin 2022-ci il üzrə iş planı təsdiq edilib. Eyni zamanda, iclas iştirakçıları Cəmiyyətin iqtisadi cəhətdən dayanıqlılığının və səmərəliliyinin təmin edilməsi məqsədilə onun fəaliyyətinin əhatə dairəsi və istiqamətlərini, gələcək investisiya layihələrini nəzərdən keçirərək müvafiq qərarlar qəbul ediblər.
Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.