"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının iclası keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Müşahidə Şurasının, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin və rəhbər şəxslərinin iştirak etdiyi iclasda beynəlxalq nüfuzlu məsləhətçi şirkətin dəstəyi ilə hazırlanmış Cəmiyyətin 2022–2030-cu illər üzrə uzunmüddətli Strategiyası üzrə mümkün ssenarilər geniş müzakirə edilmiş, eləcə də Cəmiyyətdə reallaşması mümkün olan risklərin nəticələrinin azaldılması üçün hüquqi-korporativ strukturun təkmilləşdirilməsi məsələsi ətrafında müzakirələr aparılmışdır.
İclasda sosial, ekoloji və iqtisadi aspektlər üzrə Cəmiyyətin əldə etdiyi nəticələri əks etdirən və beynəlxalq audit şirkəti tərəfindən audit olunmuş 2020-2021-ci illər üzrə Dayanıqlı İnkişaf haqqında Hesabat Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir.
İclas zamanı həmçinin Cəmiyyətin 2023-cü il üzrə proqnozlaşdırılan büdcə göstəricilərinə ilkin olaraq baxılmış, eləcə də ASCO-nun Daxili Audit Departamentinin fəaliyyətinin təşkilinə dair və digər məsələlər ətrafında müzakirələr aparılaraq Müşahidə Şurası tərəfindən müvafiq qərarlar qəbul edilmişdir.
İclas zamanı Müşahidə Şurasının məşvərətçi orqanları olan Komitələrin tərkiblərinin yenilənməsi barədə də qərar qəbul edilmişdir.
İclas iştirakçıları Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar olan digər məsələləri də müzakirə etmişlər.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.