“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının iclası keçirilib
Noyabrın 30-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda gündəliyə uyğun olaraq Cəmiyyətin 2023-cü ilin ilk 3 rübü üzrə idarəetmə hesabatı dinlənilib, cari il üzrə büdcəsinin icra vəziyyətinə dair məlumatlar nəzərdən keçirilib. Cəmiyyətin növbəti il üzrə büdcə proqnozları müzakirə olunaraq Müşahidə Şurası tərəfindən təsdiq edilib.
İclasda həmçinin, Cəmiyyətin 2024-2026-cı illəri əhatə edən investisiya fəaliyyəti,o cümlədən, Gəmiçiliyin donanmasının yenilənməsi və Transxəzər marşrutu ilə daşımaların artan həcminin qarşılanması məqsədilə Gəmiçilik tərəfindən Bakı Gəmiqayırma Zavodunda yeni gəmilərin tikintisi və Xəzər dənizindən kənar su hövzələrində fəaliyyəti təmin edəcək gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi strategiyası müzakirə edilərək müvafiq qərar qəbul edilmişdir.
İclasda Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlər də nəzərdən keçirilib.
Məlumat üçün bildirək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.