Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

15 sen 2020

Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib. İclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər. İclasda Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub. AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.