Azərbaycan İnvestisiya Holdinqində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib
Azərbaycan İnvestisiya Holdinqində (AİH) müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. AİH rəhbərliyi və geniş heyətinin iştirak etdiyi tədbir zamanı Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
Mərasimdə çıxış edən Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yolu Azərbaycan tarixinin uğur səhifəsidir. Dahi şəxsiyyətin böyüklüyü illər keçdikcə daha dərindən dərk edilir. Məhz onun müdrik siyasəti sayəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı, ölkəmiz inkişaf yoluna çıxaraq beynəlxalq arenada tanınmağa başladı.
Ulu Öndərin dünyadakı nüfuzu sayəsində 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı və dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi.
Ümummilli Lider strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Ulu Öndər Azərbaycanın intibah dövrünün müəllifi idi.
Ruslan Əlixanov vurğulayıb ki, dəyərli və mənalı ömrünü Azərbaycana həsr edərək milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış Heydər Əliyev hər bir vətəndaşın qəlbində əbədi olaraq yaşayacaq, unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.