Azərbaycan İnvestisiya Holdinqi OECD-nin İşçi Qrupunun 39-cu iclasında təmsil olunub

26 okt 2022
News image

25 oktyabr 2022-ci il tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Dövlətin Pay Sahibliyi və Özəlləşdirilmə Təcrübələri üzrə İşçi Qrupunun 39-cu iclası çərçivəsində “Dövlətə Məxsus Holdinq Şirkətləri: Milli təcrübələr və OECD-nin tövsiyələri” mövzusunda hibrid formatda vebinar keçirilib. 

Tədbirə OECD katibliyinin, eləcə də üzv, tərəfdaş və müşahidəçi qismində dəvət olunmuş bir sıra ölkələrin yüksək səviyyəli nümayəndələri qatılıb. İki paneldən ibarət vebinarda Azərbaycanla yanaşı Avstriya, Sinqapur, Yunanıstan, Sloveniya, Peru və Finlandiya rəsmiləri tərəfindən ölkələrində yaradılmış dövlət şirkətlərinin holdinq formasında idarəetmə təcrübələri barədə ümumi məlumat verilib.

Azərbaycanı tədbirdə təmsil edən Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov iştirakçılara AİH-in məqsədi, strukturu, fəaliyyəti, həmçinin bu günədək görülmüş işlər və AİH-in idarəetməsində olan dövlət şirkətlərində həyata keçirilməsi planlaşdırılan islahatlar barədə təqdimatla çıxış edib.

Tədbirin yekununda dövlət şirkətlərinin idarə edilməsi modellərinin üstünlükləri, xüsusi diqqət tələb edən sahələrin inkişafı, o cümlədən ölkə təcrübələrinin OECD-nin beynəlxalq səviyyədə qəbul olunmuş «Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair Qaydaları»nın müəyyən etdiyi standartlara uyğunlaşdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.