AİH və “Dubai Logistics World” arasında Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində işgüzar səfərdədir.
Səfər çərçivəsində 04 noyabr 2021-ci il tarixində Azərbaycan İnvestisiya Holdinqi (AİH) və “Dubai Logistics World” arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov və "DP World Group"un direktoru Sultan Əhməd Bin Sulayem imzalayıblar. Sənəd BƏƏ-nin Avropa və Asiya arasında ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə elan etdiyi “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə Azərbaycanın qoşulması, ölkəmizin beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması və digər məsələləri nəzərdə tutur.