AİH nümayəndələri Çin–Azərbaycan sənaye və investisiya təşviqi konfransında iştirak edib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) nümayəndələri 17–18 aprel tarixlərində Pekin şəhərində keçirilmiş “Çin–Azərbaycan Sənaye və İnvestisiya Təşviqi Konfransı”nda iştirak edib.
Konfrans Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin Ticarət Nümayəndəliyinin Aparatı, Çin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Xarici Kapital Departamenti və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir zamanı AİH nümayəndələri Azərbaycan və Çin arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivləri, qarşılıqlı maraq doğuran layihələr və strateji investisiya təşəbbüsləri ilə bağlı keçirilən müzakirələrdə fəal iştirak edib. Eyni zamanda, AİH-in fəaliyyət istiqamətləri, portfelindəki dövlət müəssisələrinin inkişafı sahəsində atılan addımlar barədə qarşı tərəfə ətraflı məlumat təqdim olunub. Bununla yanaşı, investisiya siyasətinin formalaşdırılması və birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə nəzərdə tutulan təşəbbüslər müzakirə olunub.
Konfransda Azərbaycan və Çin dövlət qurumlarının nümayəndələri, səfirlər, eləcə də müxtəlif sahələr üzrə sahibkarlar iştirak ediblər. Konfrans çərçivəsində keçirilmiş ikitərəfli görüşlər zamanı yeni əməkdaşlıq imkanları müzakirə olunub.