AİH-in Baş icraçı direktoru “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
“Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Azər Əzimov və Hüseyn Mahmudovla yekun, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şahin Mahmudzadə və Mirzə Ələkbər Babayevlə ilkin görüşlərini keçirib.
AİH-in Baş icraçı direktoru ikinci müsabiqə qalibləri ilə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. Baş icraçı direktor layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və onların potensiallarını üzə çıxarmağa köməklik göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında onlara uğurlar arzu edib.
Üçüncü müsabiqə qalibləri ilə baş tutan görüşdə Ruslan Əlixanov qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onların hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və mentorları olaraq birillik fərdi inkişaf planı əsasında peşəkar əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini və onların qarşıdakı hədəflərinə yönəlik layihələrə cəlb olunmasına təşəbbüs göstərəcəyini qeyd edib.
Görüşdə Ruslan Əlixanov müsabiqə qaliblərini AİH barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün onlara müvafiq tapşırıqlar təqdim edib. Hər iki müsabiqənin qalibləri isə öz növbələrində səmimi qəbula görə təşəkkür edərək birillik fərdi inkişaf planının əhəmiyyətini vurğulayıblar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.