AİH-in Baş icraçı direktoru ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

03 fev 2023
News image
News image
News image

 İkinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında  görüşlərə start verilib. Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Azər Əzimov və Hüseyn Mahmudovla görüşüb.

 AİH-in Baş icraçı direktoru qalibləri təbrik edib və mentor olaraq 1 illik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini və qaliblərə potensiallarını üzə çıxarmasına dəstək olacağını bildirib. Görüşdə Ruslan Əlixanov müsabiqə qaliblərini AİH barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün onlara müvafiq tapşırıqlar təqdim edib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində səmimi qəbula görə təşəkkür edərək mentorluq proqramı çərçivəsində Ruslan Əlixanovun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.  

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində pul mükafatı əldə edir. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam isə dekabrın 20-də imzalanıb.