AİH ilə SASAC arasında əməkdaşlıq çərçivəsində “Təcrübə mübadiləsi və mümkün əməkdaşlıq sahələrinin müzakirə edilməsi” mövzusunda görüş keçirilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov 24 iyul tarixində Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Dövlətə məxsus aktivlərə nəzarət və onların idarə edilməsi üzrə qurumunun (“State-owned Assets Supervision and Administration Commission of the State Council” - SASAC) rəhbər heyəti ilə görüşüb.
SASAC-ın baş ofisində təşkil edilən görüşdə iki qurum arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib. Görüş iştirakçılarına SASAC-ın fəaliyyəti, ixtisaslaşdığı sahələr və nəzarətində olan dövlət qurumlarının ən son fəaliyyəti barədə məlumat verilib. Həmçinin, SASAC-ın Beynəlxalq əməkdaşlıq, Planlaşdırma və İnkişaf, Elmi-texniki innovasiyalar və Korporativ sosial məsuliyyət sektorlarının rəhbər şəxsləri tərəfindən dövlət müəssisələrində görülmüş işlər və əldə olunmuş nəticələr barədə təqdimatlar edilib.
AİH-in nümayəndə heyəti öz növbəsində idarəetməsində olan dövlət müəssisələrinin fəaliyyəti və AİH-in funksiyaları, mandatı haqqında məlumat verib.
Görüş zamanı tərəflər, hər iki qurumun eləcə də idarəetmələrində olan dövlət müəssisələrinin gələcək qarşılıqlı əməkdaşlıqlarının formalaşdırılması və təcrübə mübadiləsinin aparılması istiqamətində tərəfdaşlığı inkişaf etdirmək niyyətini ifadə ediblər.
Bundan başqa BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi yüksək qiymətləndirilib və SASAC-ın nümayəndə heyətinin tədbirdə iştirakı ilə bağlı marağı diqqətə çatdırılıb.