AİH-də İslam İnkişaf Bankı ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib

02 mar 2023
News image
News image
News image
News image
News image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti ilə İslam İnkişaf Bankı qrupunun (İİB) prezidenti Məhəmməd Süleyman Əl-Casirinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. İİB Qrupunun prezidenti Azərbaycan hökuməti ilə rəhbərlik etdiyi qurumun uzunmüddətli və güclü əlaqələrə malik olduğunu və İİB-in ölkəmiz ilə əlaqələrinin, o cümlədən, özəl sektor ilə əməkdaşlığı inkişaf etdirməyə maraqlı olduğunu diqqətə çatdırıb. Tərəflər həmçinin Azərbaycanda və İİB-in üzvü olan ölkələrdə investisiya imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdə AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov AİH-in idarəetməsinə verilmiş dövlət şirkətlərinin fəaliyyəti barədə İİB-in nümayəndə heyətini məlumatlandıraraq onlara maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılmasının və fəaliyyət göstərdikləri sahələrə xarici investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanın 2023-cü ilin yanvar ayında İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasına (ICIEC) üzvlüyü də müzakirə olunub. Bu üzvlük, xüsusilə Qarabağ regionunda bərpa olunan enerji layihələrinin inkişafı üçün yeni investisiyaların cəlb edilməsi də daxil olmaqla, genişləndirilmiş ikitərəfli əməkdaşlıq üçün ölkəmizə yeni imkanlar yaradacaqdır.

Tərəflər arasında AİH - İİB birgə əməkdaşlıq perspektivləri, xarici investisiyaların cəlb edilməsi üçün potensial layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.