AİH-də Avropa İttifaqı ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ilə Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Baş Direktorluğunun, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, Avropa İnvestisiya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının səlahiyyətli şəxslərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə R.Əlixanov AİH-in fəaliyyəti, qarşıya qoyulmuş məqsədlər və dövlət müəssisələrində korporativ idarəetmə sahəsində aparılan islahatlar barədə nümayəndə heyətini məlumatlandırıb.
Tərəflər arasında Avropa İttifaqı ilə birgə əməkdaşlıq perspektivləri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsinin vacibliyi, mövcud məşğulluğun qorunmasını təmin edən və yeni iş yerləri yaradan layihələr, o cümlədən qeyri-neft sektoru sahələrinə birbaşa xarici investisiyaların cəlb edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.