AİH və Oman İnvestisiya Qurumu Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı müqavilə imzalayıb

08 okt 2025
News image
News image

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Oman Sultanlığına səfəri çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Oman İnvestisiya Qurumu (OİQ) arasında Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.

Birgə Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək.

Fondun ilkin kapitalı 200 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Bu məbləğin 100 milyon dolları AİH, 100 milyon dolları isə OİQ tərəfindən təmin ediləcəkdir.

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı imzalanma mərasimində qeyd olunub ki, Azərbaycan və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında son illərdə əməkdaşlıq daha da genişlənir. Xəzər və Mərkəzi Asiya regionuna açılan qapı olan Azərbaycan və Körfəz və Afrika regionları ilə güclü əlaqələrə malik Oman tərəfdaşlığı yeni iqtisadi sinerji formalaşdırır.

Fondun fəaliyyətinin iki ölkənin suveren investisiya institutlarının təcrübəsinin və imkanlarının əlaqələndirilməsi yolu ilə uğurlu layihələrin reallaşdırılmasına təkan verəcəyi vurğulanıb.