AİH-in Baş icraçı direktoru İƏİT-in Dövlət Mülkiyyəti və Özəlləşdirmə Təcrübələri üzrə İşçi Qrupunun iclasında iştirak edib
28-29 oktyabr 2025-ci il tarixlərində Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Mülkiyyəti və Özəlləşdirmə Təcrübələri üzrə İşçi Qrupunun 45-ci iclası baş tutub.
İclas zamanı “Mülkiyyət siyasəti üzrə ən yaxşı təcrübələrə dair təlimat”, “Dövlət müəssisələrinin ictimai hədəfləri”, “Dövlət mülkiyyəti ilə bağlı risklərin və imkanların idarə olunması” və digər aktual mövzularda panel sessiyaları keçirilib.
Tədbir çərçivəsində, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov “Mülkiyyət siyasəti üzrə ən yaxşı təcrübələrə dair təlimat” mövzusunda panel sessiyada çıxış edərək, İƏİT tərəfindən hazırlanmış təlimata dair rəy və təkliflərini təqdim edib, sənədin hökumətlər üçün şəffaf, hesabatlı və peşəkar dövlət mülkiyyəti siyasətinin formalaşdırılmasına mühüm töhfə verdiyini, həmçinin dövlət mülkiyyəti məsələlərinin strateji əhəmiyyətini, iqtisadi dayanıqlılıq və uzunmüddətli inkişaf üçün bu sahədə effektiv siyasət və idarəetmənin zəruriliyini vurğulayıb.



