SOCAR “Azəri-Çıraq-Günəşli”, “Qarabağ” yataqları və Bakı-Tbilisi-Ceyhan layihəsində “Equinor” şirkətinə məxsus iştirak paylarını alıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
SOCAR-ın Müşahidə Şurasının üzvü, Koordinasiya ofisinin rəhbəri Ruslan Əlixanovun da iştirak etdiyi görüşdə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.
İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.