Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilib
Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri arasında üçtərəfli görüş keçirilib. İqtisadiyyat Nazirliyində keçirilən üçtərəfli görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilib. Müzakirələr zamanı müxtəlif sferalarda, o cümlədən energetika sahəsində birgə fəaliyyət və tərəfdaşlıq üzrə uğurlu təcrübə qeyd olunub. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səyləri təqdir ediblər.
Nazirlər ölkələrin bərpa olunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildiriblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminin inteqrasiyasından sonra Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik enerjisi xəttinin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.
Nazirlər “yaşıl” enerjinin ötürülməsi üzrə layihənin inkişafının iştirakçı ölkələrin energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri möhkəmləndirəcəyini, həmçinin milli energetika sənayelərinə yeni impuls verəcəyini vurğulayıblar. 3 ölkənin geniş nümayəndə heyətləri ilə baş tutan görüşdə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov da iştirak edib.
Görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. Tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə razılıq əldə ediblər. İqtisadiyyat və energetika nazirləri səviyyəsində növbəti görüşün Özbəkistanın Daşkənd şəhərində keçirilməsi gözlənilir.