“Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamda dəyişiklik edilib
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında tullantıların idarə edilməsi sisteminin müasir tələblərə uyğun təşkilinin davam etdirilməsi və bu prosesin işğaldan azad olunmuş ərazilərdə də mütəşəkkil qaydada həyata keçirilməsi məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti aşağıdakı işləri həyata keçirir:
1.1. Bakı şəhərinin ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması;
1.2. Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanadək, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi;
1.3. Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmasını, növbəti illərin dövlət büdcəsində isə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2021, № 6 (I kitab), maddə 631, № 9, maddə 1022) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında “Məişət tullantıları ilə” sözləri “Tullantılarla” sözü ilə əvəz edilsin;
3.2. preambula üzrə:
3.2.1. ikinci abzasdan “şəhər” sözü çıxarılsın;
3.2.2. üçüncü abzas üzrə:
1. birinci cümləyə “məişət tullantılarının” sözlərindən sonra “və digər təhlükəsiz bərk tullantıların” sözləri əlavə edilsin;
2. ikinci cümləyə “Məişət tullantılarının” sözlərindən sonra “və digər təhlükəsiz bərk tullantıların” sözləri əlavə olunsun və həmin cümlədə “zibilin” sözü “tullantıların” sözü ilə, “zibilliklərin” sözü “tullantı sahələrinin” sözləri ilə əvəz edilsin;
3.2.3. dördüncü abzasa “Məişət tullantılarının” sözlərindən sonra “və digər təhlükəsiz bərk tullantıların” sözləri əlavə edilsin və həmin abzasdan “şəhərin” sözü çıxarılsın;
3.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki, Cəmiyyət aşağıdakı işləri həyata keçirir:
2.1. Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması;
2.2. Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanadək, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi;
2.3. Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul 2022-ci il