Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası yaradılıb
Yanvarın 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, yeddi üzvdən ibarətdir.
SOCAR-ın yenidən təşkili və ləğvi, Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə həvalə olunub.
Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, illik hesabatların, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi, SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul olunmasını həyata keçirəcək.
SOCAR-ın Müşahidə Şurasına şirkətin uzunmüddətli inkişaf strategiyasını, xərclər və gəlirlər smetasını təsdiq etmək, onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlər verilib.
Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə yaradılıb.
Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub.