“Bakı Metropoliteni”nin “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransı keçirilib

01 mar 2024
News image
News image
News image

“Bakı Metropoliteni” QSC-nin yaranmasının 10-cu ildönümü tamam olub. Qurum 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Bakı Metropoliteni” və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin birləşdirilməsi yolu ilə yaradılıb.

Qurumun yeni statusla fəaliyyətinin 10 ilinə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfrans 5 paneldən ibarət olmaqla, ötən 10 il ərzində metropolitenlə sıx əməkdaşlıq etmiş qurumların rəhbər və nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

Konfransın adı ilə bağlı olan əsas paneldə dəyişməyən dəyərlər və zamanla dəyişən və yaranan yeni imkanların faydalarından bəhs olunub. 

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov ötən 10 illik dövr haqqında qısa fikirlərini bildirərək, dünyasını dəyişmiş işçilərin əziz xatirəsindən, kollektivin bu illərdəki nailiyyətlərdə rolundan danışıb. O qeyd edib ki, Səhmdar Cəmiyyət yaranarkən Prezident İlham Əliyev tərəfindən müəssisə qarşısında qoyulan əsas vəzifə aparıcı dünya texnologiyalarının, yeni idarəetmə sistemlərinin, dünyanın qabaqcıl təcrübəsinin metropolitenə gətirilməsi olub. Mərhələ ilə məhz kollektivin əzmi və fədakarlığı sayəsində bu istiqamətdə real addımlar atılıb. 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvü Samir Məmmədov son illərdə nəqliyyat, xüsusən ictimai nəqliyyatın inkişaf etdirilməsi və inteqrasiyasından bəhs edərək, bu xüsusda metropolitenin rolundan, Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Müşahidə Şurasının fəaliyyətindən söz açıb.

Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov “Bakı Metropoliteni” QSC-nin Holdinqin idarəetməsinə verildikdən sonra fəaliyyətinin səmərələrinə toxunaraq, yeni idarəetmə modelinin müsbət təsirlərindən bəhs edib.

Yüksək mədəni xidmətin meyarı olan texnologiyalara həsr olunmuş ikinci paneldə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxışını daha çox 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bu xüsusda ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı məlumat verib. O, metropoliteni ekoloji nəqliyyat növü kimi dəyərləndirməklə, qarşıdakı irimiqyaslı tədbir zamanı şəhərin əsas nəqliyyat arteriyası kimi roluna da toxunub. O, çıxışında metropolitenlə birlikdə həyata keçirilən layihələr və bu xüsusda qrunt sularından səmərəli istifadəni nəzərdə tutan layihədən, ağacəkmə kampaniyalarından və digər məsələlərdən də bəhs edib.

“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov həyata keçirilmiş nəhəng layihələrdən bəhs edərək, ağac şpalların yerli istehsal olan dəmir-beton bloklarla əvəzlənməsi və səmərəsindən, bu xüsusda dəmir-beton istehsalatı sahəsinin tamamilə modernləşdirilməsindən danışıb. O, stansiyaların yenidənqurulması ilə bağlı addımlardan da danışaraq, bunu stansiya inşaatı qədər mühüm məsələ adlandırıb. Bu xüsusda “Nizami”, “Sahil”, “Bakmil”, “Xətai”, “Elmlər Akademiyası” və “Cəfər Cabbarlı” stansiyalarında yenidənqurma işlərinin əhəmiyyətini əyani nümunələrlə nümayiş etdirib. O, “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunun və unikal layihə əsasında inşa edilmiş yeni tipli dispetçer idarəetmə mərkəzinin yaradılmasını tarixi texniki nailiyyət kimi səciyyələndirib. Tunellərin mühafizəsini o, metropolitenin ən mühüm davamlı işi adlandıraraq, şaxtalarda və yol mənzillərində həyata keçirilmiş ən irimiqyaslı mürəkkəb layihələrin uğurla icrasından bəhs edib. 

“Bakı Metropoliteni” QSC-nin İstehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov son illərin ən mühüm innovativ rəqəmsal layihələrindən danışıb. Bu xüsusda qatarların təmiri prosesinin avtomatlaşdırılaraq rəqəmsal texnologiyalara keçilməsini mühüm nailiyyət olmaqla yanaşı, depoda təmir prosesinin keyfiyyətini dəfələrlə artırmağa hesablanıb. O, qatarlarda pilot layihə kimi uğurla sınaqdan çıxarılmış yanğın əleyhinə sistem, onun mərkəzdən idarəetmə funksiyaları, ən əsası, bunun həm də qatarın avadanlıq və hissələrini daim nəzarətdə saxlamağa imkan verən layihə kimi üstünlüklərini qeyd edib. Metropolitenin daha bir texniki innovativ uğuru diaqnostika kompleksidir. Əvvəllər yolölçən vaqonla yoxlamadan sonra cəmi 3 parametr üzrə günlərlə kağız üzərində açması həyata keçirilirdisə, yeni kompleks 80-nə yaxın parametr üzrə 120-dən artıq ölçməsi ilə dəqiq texniki rəy verir və bütün məlumatlar dərhal sahələrə ötürülür. Namiq Yusubov “Bakı Metropoliteni” QSC-nin ekoloji təmiz nəqliyyat növü kimi xarakterizə edən əsas amillərə də toxunub. Bundan savayı, ekoloji tələblərə söykənən yeni qataryuma, qataraltı avadanlıqların üfürülməsi, rekuperasiya sistemləri, yaşıllaşdırma layihələri barədə də məlumat təqdim edib.

“Müasir tələblərin əsas meyarı olan innovasiyalar”a həsr olunmuş üçüncü paneli “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev açaraq, “Bakı Metropoliteni” QSC-də enerji təsərrüfatı, xüsusən dizel-generatorların tətbiqi, mühəndis-texniki qurğuların yenilənməsi, bu xüsusda eskalator, ventilayasiya sahəsindəki yeniliklərə toxunub. O, çıxışında qatarların hərəkətini təmin edən ən müasir sistemlərin “Xocəsən” elektrik deposu ilə yanaşı, “Nərimanov” deposunda da qurulması. Bu xüsusda ox sayğacı sisteminin tətbiqi və onun səmərəsindən danışıb.

“Bakı Metropoliteni” QSC-nin Depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov alınan yeni nəsil vaqonları və onlara xidmət və texniki qulluğun yerli şəraitdə təşkilini əyani vəsaitlərlə nümayiş etdirib. Bu mənada 1967-ci ildən fəaliyyət göstərən depoda innovativ həllərin tətbiqi, təmir sahələrinin yenidən qurulması ətrafında da fikirlərini çatdırıb. O, vaqon təmirində dönüş nöqtəsi kimi əsaslı təmir və modernləşdirmənin yerli şəraitdə təşkilini xüsusi vurğulayıb. Bu zaman vaqonların tam avtomatlaşdırılması ilə bağlı tətbiq edilən yeni texnologiyalardan da söz açıb. Vaqon təmirində daha bir əsaslı yenilik mühərriklərin təmiri sahəsinin yaradılmasıdır. Burada ümumilikdə, təmirin keyfiyyətinin 80 faizədək yüksəldilməsinə nail olunub. Sahə təkcə vaqonların deyil. Bütün mühəndis texniki qurğuların mühərriklərinin təmirinə də xidmət edir.

“Siemens” şirkətinin Azərbaycan ofisinin baş direktoru Azər Quliyev son illərdə “Bakı Metropoliteni” QSC ilə birgə layihələr çərçivəsində yeni yarımstansiyaların inşası və köhnələrinin yenidənqurulmasına toxunub. Bu xüsusda o, dünyanın ən aparıcı texnologiyalarının “Bakı Metropoliteni” QSC-də tətbiqini bundan sonra onilliklərlə davam edəcək etibarlı təminat adlandırıb. 

“Novatorluq - yeni idarəetmə meyarı” adlanan dördüncü paneli açan “Bakı Metropoliteni” QSC-nin İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi Əli Əliyev metropolitendə tətbiq edilən optimallaşma tədbirlərindən bəhs edib. O, texniki yeniliklərin metropoliten qarşısında yeni çağırışlar qoyduğunu qeyd edərək, maşinistlərin, platforma növbətçilərin, dispetçerlərin iş rejimi, funksional iş bölgüsündən danışıb. O, çıxışında sosial layihələr və korporativ məsuliyyət proqramlarına da toxunub. Bu mənada şəhid ailələrini üzvləri və müharibə veteranlarını ətrafında cəmləşdirən və ölkədə yeganə olan mərkəzin fəaliyyətinə toxunub. Bundan savayı, işçilərin ailə üzvləri və xüsusən övladları üçün layihələrdən bəhs edib. O, sərnişinlər üçün sosial layihələrdən də ətraflı danışıb. Çıxışında ən mühüm sosial layihə kimi, “Əlçatan metro” layihəsi barədə də məlumat təqdim edib və bu xüsusda könüllü Cəmilə Məmmədlinin rolunu vurğulayıb.

“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov rəhbərlik etdiyi sahənin fəaliyyətindən bəhs edərkən, metropolitendə ilk dəfə maşinistlərin, dispetçerlərin seçimi və hazırlığı kurslarına geniş yer ayırıb. O, ali və orta ixtisas tədris, eləcə də aidiyyəti üzrə dövlət qurumları ilə qarşılıqlı fəaliyyət barədə də statistik məlumatları təqdim edərək, birgə layihələrdən danışıb. Mərkəzin rəisi gənclərin seçilməsi üçün həyata keçirilən unikal layihələrdən də söz açıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev çıxışına “Bakı Metropoliteni” QSC ilə birgə layihələrlə başlayaraq, son illərdə xüsusən fiziki imkanları məhdud sərnişinlərlə bağlı layihələri yüksək qiymətləndirib. O, ümumiyyətlə, əməyin təşkili, işçilərin sosial müdafiəsi ilə bağlı məsələlərdən də danışarkən, metropolitenlə səmərəli əməkdaşlığın çoxşaxəli aspektlərinə toxunub.

 AZƏRTAC