“ASCO istiqrazları”nın təqdimat mərasimi keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “ASCO istiqrazları”nın tədavülə buraxılması münasibətilə tədbir keçirilib.
Mərasimdə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, bank və sığorta şirkətlərinin rəhbərləri, dənizçilər və media nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə ASCO-nun zəngin tarixindən, çoxprofilli fəaliyyətindən bəhs edən video nümayiş olunub. Daha sonra “ASCO istiqrazları” haqqında hazırlanmış tanıtım videoçarxı təqdim edilib.
Təqdimetmə mərasimində çıxış edən ASCO sədri Rauf Vəliyev bildirib ki, istiqrazlardan əldə olunan gəlir Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkəti olan və hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. Bununla belə, tədavülə buraxdığımız istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacaq.
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov çıxışında ASCO-nun şəffaf və rəqabətədavamlı fəaliyyətinə diqqət çəkib: “ASCO ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biridir. Yeni buraxılan istiqrazlar hesabına isə şirkətin inkişafı üçün əlavə vəsait imkanı yaranacaq.”
Daha ətraflı:https://www.asco.az/az/pages/7/28/news/1411