20 sentyabr "Neftçilər Günü" qeyd olunub

Xəbərlər | 20.09.2022

“Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü və neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər Günü” münasibətilə tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla anıblar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Tədbirdə iştirakçılar ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən foto-sərgi, həmçinin Respublika Elmi-Texniki Kitabxanası tərəfindən təqdim olunan və neft sənayesi tarixindən bəhs edən nadir kitablar ilə tanış olublar.

“Neftçilər Günü”nə həsr olunan konfransın əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf tədbirdə çıxış edərək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olan hərbiçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyib.

“Neftçilər Günü” münasibətilə Azərbaycan neftçilərini təbrik edən Rövşən Nəcəf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əməkdə fərqlənən bir qrup neftçinin yüksək dövlət mükafatlarına layiq görülməsinin ölkə başçısının çətin və məsuliyyətli neftçi peşəsinə verdiyi yüksək qiymətin növbəti təzahürü olduğunu bildirib və SOCAR kollektivi adından cənab Prezidentə minnətdarlığını ifadə edib.

Rövşən Nəcəf ölkəmizin dayanıqlı və inkluziv inkişafının təməlinin ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, cənab Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində “Əsrin müqaviləsi” ilə qoyulduğunu qeyd edib.

Neftçilərimizi əlamətdar gün münasibətilə təbrik edən iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “Əsrin müqaviləsi”nin və uğurla reallaşdırılan milli neft strategiyasının ölkəmizin sosial-iqtisadi inkişafına, iqtisadiyyata irihəcmli investisiyaların cəlb olunmasına, beynəlxalq aləmdə nüfuzunun artmasına və dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə xidmət etdiyini, həyata keçirilən genişmiqyaslı neft-qaz layihələrinin Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, tərəfdaşlarımızın etibarlı enerji təminatına da böyük töhfə verdiyini vurğulayıb.

Energetika naziri Pərviz Şahbazov neftçiləri peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə “Neftçilər Günü”nün təsis edilməsinin Azərbaycanın neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin neftçi peşəsinə verdiyi yüksək qiymətin, bu peşə sahiblərinin öz əzmkar zəhmətləri ilə müstəqilliyimizin möhkəmləndirilməsində oynadıqları mühüm rolun göstəricisi olduğunu bildirib.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək “Neftçilər Günü” münasibətilə təbriklərini çatdırıb. 

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edərək bu müqavilənin ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu, qətiyyətli mövqeyi və həmin dövrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi danışıqlar prosesində iştirak edən cənab İlham Əliyevin diplomatik məharəti nəticəsində imzalandığını vurğulayıb.

Sonra SOCAR-ın strukturuna daxil olan müəssisələrdə, birgə müəssisələrdə, əməliyyat şirkətlərində və tərəfdaş şirkətlərdə çalışan və əmək fəaliyyətində fərqlənən bir qrup neftçi “Fəxri neftçi” döş nişanı və Fəxri fərmanla təltif olunub.

Daha sonra SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən neftçilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladıqları təşəkkür məktubu oxunub.

Konfransda, həmçinin SOCAR-ın yeni yaradılan Könüllülər qrupunun təqdimatı keçirilib.Tədbir çərçivəsində “Neftçilər Günün”ə həsr olunmuş “Mən fəxr edirəm ki, neftçiyəm” adlı videoçarx nümayiş etdirilib.