“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib

16 apr 2021
News image
News image
News image

Prezident İlham Əliyevin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının ilk iclası keçirilib.

Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

İlk olaraq Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Müşahidə Şurasının sədri R.Nəbiyev iclasda qeyd edib ki, regionun böyük aviadaşıyıcısı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biri olan AZAL-ın ölkə iqtisadiyyatında xüsusi rolu var.

Müşahidə Şurasının sədri xatırladıb ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatı yeni islahatlar mərhələsinə qədəm qoyub. Bu yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas çağırışlardandır.

“Əminəm ki, Müşahidə Şurası QSC-nin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində AZAL-ın fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək”, – deyə R.Nəbiyev vurğulayıb.

Daha sonra “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov AZAL-ın fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib. İclasda, eyni zamanda, AZAL-ın korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı AZAL-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib. Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.