"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib

27 iyn 2021
News image
News image
News image
News image
News image

“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası çərçivəsində qurumun “2030 Korporativ Strategiya”sının müzakirəsi aparılıb. İclasda ADY Müşahidə Şurasının sədri və üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərbaycan Dəmir Yolları” QSC və “McKinsey&Company” şirkətinin nümayəndələri iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında dəmir yollarının inkişaf strategiyasında qənaət, xidmət keyfiyyətinin artırılması və mənfi ekoloji təsirin azaldılması kimi 3 mühüm amilin nəzərə alınmasının vacibliyini qeyd edib.

 Nazir strategiyada əksini tapacaq investisiya qoyuluşu, rəqəmsal transformasiya, insan resursları sahəsində idarəetmənin təkmilləşdirilməsi, eləcə də dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirib.

 Rəşad Nəbiyev strategiyanın oxşar coğrafiyada fəaliyyət göstərən müvafiq dəmir yolu şirkətlərinin təklif etdiyi xidmətlərin strukturlaşdırılması təcrübəsindən yararlanmaqla yanaşı, qurumun gələcək maliyyə dayanıqlığı və dövlət sərmayələrinin səmərəli şəkildə geri qaytarılmasının təmin edilməsi nəzərə alınmaqla hazırlanmalı olduğunun vacibliyini vurğulayıb.

 Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov diqqətə çatdırıb ki, Cəmiyyətin strateji hədəf və tədbirlər planını müəyyən edən bu sənəd 2030-cu ilədək  dəmir yolu nəqliyyatının inkişaf istiqamətlərinə baxış imkanı verir.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu şəbəkəsinin inkişafı konseptual yanaşma tələb edir və buna görə də Korporativ Strategiya planında bütün istiqamətlər nəzərə alınıb.

Layihənin gedişatı barədə təqdimat edilib, qarşılıqlı sual doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.